Nəhayət vaxt tapıb kinoya baxa bildim. Fikirləri paylaşmaqdan qabaq sizi xəbərdar edirəm:
SPOİLER VAR!
Qəhrəmanlar
Kino bu franşizin əvvəlki hissələrindən tanıdığımız Uil Törnerin oğlu Henri ilə söhbətindən başlayır. Uil oğluna tilsimləndiyi üçün gəmisindən ayrıla bilmədiyini və bu tilsimin heç vaxt, heçnə ilə qırılmayacağını başa salır. Oğlu isə cavabda tilsimi qıran Neptunun 3-dişliyini tapacağını və atasını xilas edəcəyinə söz verir. Daha sonra isə bizə həmin oğlanın artıq böyüdüyünü göstərirlər. O tilsimlər, cadular, ruhlar və s. mistika ilə maraqlanır, çoxlu kitablar oxuyur və məlumatlanır. Bunların hamısı atasını xilas etmək üçündür. Bütövlükdə qəhrəmanın kino boyu etdikləri hərəkətləri, bəzən çox axmaq, bəzən çox ağıllı qərarları başadüşüləndir, onun bir məqsədi var və o məqsədə çatmaq üçün əlindən gələni edir. Amma bilmirəm niyə, baş qəhrəmanı ekranda görəndə azacıq qıcıqlanırdım. Ola bilər ki, aktyora görədir bu qıcıqlanma. İndi yadımda qalan, keçənilki Gods of Egypt-də də təxmini eyni rolu ifa edirdi: cavan oğlandır, axırda onunla bir yerdə olacaq qız var, kinonun əsas antoqonistinə qarşı pratoqonistlə birləşərək antoqonisti devirirlər,happy end! Kino bitdikdən sonra Henri haqqında maksimum biraz təəssüflü intonasiya ilə "Meh" (ing.) demək olar. O qədər də yaddaqalan deyil. Kinoya əlavə olunan əsas qadın qəhrəmana gələndə də isə fikirlər qarışıqdır. "Heç vaxt səninlə bir yerdə olmaram, sadəcə bir işim var və sənin o işdən başın çıxdığına görə səninlə fırlanıram, amma axırda möcüzəvi şəkildə bir yerdə olacağıq" klişeli Karina çox ağıllıdır, astronomiya ilə maraqlanır, az qala filosofdur,bilmədiyi elm sahəsi yoxdur. Bütün bunlara görə şəhər camaatı onu ifritə,cadugar hesab edərək asdırmaq,diri-diri yandırmaq və s. maraqlı konkurslara əl atmaq istəyir. Karinanın isə bütöv kino gedən müddətdə bir məqsədi var, o da uşaqlıqda atasının verdiyi gündəlikdən istifadə edərək, sitat, "heç bir kişinin görməyəcəyi və heç bir xəritədə işarələnməyən" adanı tapmaqdır. Niyə kişilər görə bilmir, niyə ancaq qadınlar bacarır bunu aydın deyil. Çünki, Karina həmin adanın yerini xəritədə maksimal dəqiqliklə gecələr ulduzlara baxa-baxa tapır. Faktiki olaraq, bunu astronomiyadan başı çıxan birisi də edə bilərdi,amma nəysə! Xronometraj boyu qəhrəman tam açılmasa da, kinonun axırına yaxın onun keçmişi haqqında maraqlı faktı bizə təqdim edirlər və bu cür fənd klişeli sayılsa da, izləyicidə qəhrəmana qarşı daha da hissiyatlı olması işini görə bilir. Məlum olur ki, Karina Barbossanın qızı imiş və o gündəliyi qıza məhz Barbossa vermişdir. Bütün qanunlara uyğun olaraq yenicə atasına qovuşan qızı atadan elə həmin anda ayırmalıdırlar və belə də edirlər. Barbarossa özünü qurban verərək Salazarı öldürür. Sizi bilmirəm, amma kino başlayan kimi məndə elə bir hiss yaranmışdır ki, Uil Törnerin oğlu baş kişi qəhrəmandırsa, baş qadın qəhrəman da bu franşizin qəhrəmanlarından birinin övladı olmalı idi. Cek ailə qurmayıb, kapitan Salazar uzun müddət ölülər dünyasında idi, Uil Törnerin oğlu var, qalır bircə Barbossa.
Cek Sərçəyə gəl...Üzr istəyirəm,Kapitan Cek Sərçəyə (!!!) gələndə isə hər şey əladır. Hamının tanıdığı və darıxdığı, həmişə sərxoş görünən, xarizmatik Cek bu dəfə kinonun əsas qəhrəmanı deyil. Fəqət, Johnny Deppin oyunu sayəsində onunla olan hər səhnədə bu faktı bir anlıq unudursan. Henri Cekə atasının tilsimdən azad etmək istədiyi üçün ondan kömək istəməyə gələndə əlbəttə Cek kömək etməkdən imtina edir. Lakin, Henri hiylə işlədərək Salazarın Ceki axtardığını və ondan qısas almaq istədiyini deyəndə, Cek qorxur və məşhur Neptunun 3-dişliyini tapmaq qərarına gəlir. Tipik Cekin edə biləcəyi bir addım idi bu : dostunu yox, öz həyatını xilas etmək üçün antaqonistə qarşı çıxır. Antaqonistə qarşı çıxmaq cümləsi də bir qədər səhvdir, çünki əslində Salazar Sərçənin dalınca gəlir. Bir neçə dəqiqəlik flashback-ın köməyi ilə isə bizə Salazarın məqsədləri haqqında və Cekin Cek Sərçəyə adını necə almasını göstərirlər.
Kapitan Salazar Cek Sərçə kimi kimi çox koloritli və xarizmatik qəhrəmandır. Buna görə onu canlandıran Xavyer Bardemə təşəkkür etmək lazımdır. Əksər kinolarında mənfi qəhrəmanları oynayan Bardem bu rolu da çox gözəl ifa edib. Salazar çox qorxulu,qəzəbli və həqiqi alınıb. Cekə niyə nifrət etdiyini çox yaxşı başa düşürsən, motivləri də bəllidir. Fəqət bir-iki nüans var. Kinonun axırına yaxın, Salazar Cekin Neptunun 3-dişliyinə artıq bir addım uzaqlıqda olduğunu başa düşəndə, Henrini tutur və öz gəmisində dustaq etdikdən sonra qərara gəlir ki, hiylə işlədərək Henrinin cildinə girib Cekdən 3-dişliyi götürə bilər. Əlbəttə bu riskli bir addımdır və Salazar Henrinin bədənində ömürlük qala bilər və s. kimi məhdudiyyətlər var. Salazar Henrinin cildinə girib Cek ilə döyüşə başlayanda mənim ağlımda bir sual yarandı : niyə Salazar bunu əvvəl etməmişdi? Üstəlik niyə Ceklə döyüşə girdi? Niyə özünü yandırdı? Axı sakitcə Ceki aldadaraq 3-dişliyi mənimsəmək olardı. Salazarın saçlarına gələndə isə, mən nəyə görəsə Meduza Qorqonanı və onun başında xaotik hərəkət edən ilanları yadıma saldım.
Süjet
Çox uzatmaq istəməzdim, ona görə yığcam yazacam. Sütjetə gələndə bundan əvvəlki hissədən qat-qat yaxşıdır, ancaq bəzi yerlərdə mənasız və anladılmayan boşluqlar var. İlk 3 hissənin süjetinə çatmaya bilər, amma 10 ballıq şkala ilə qiymətləndirsək 7.5 vermək olar. Baş qəhrəmanların məqsədləri göstərilib, mənfi və müsbət qəhrəmanların bir-biriləri ilə niyə mübarizə aparmaqları göstərilib. Əlavə 1-2 lazımsız qəhrəman da əlavə olunub, amma onları da kinonun ortasında ya öldürürlər, ya da kinodan çıxardırlar. Kinonun əvvəlindəki bank səhnəsi isə çox cool görünməsinə baxmayaraq absurd idi :D
Nəticə
Kino çox xoşuma gəldi və ona baxmaqdan həzz aldım.Həmişə əsrarəngiz soundtrackı ilə seçilən Quldurlar düzdür, Hans Zimmerə müraciət etməmişdilər, amma onun əvvəlki kinolar üçün yazdığı o şedevr soundtrackı azacıq mix edib kinoya qoyublar. Bu da kinoya abu-hava yaratamağa kömək edib. RottenTomatoes-ın verdiyi qiymətlə heç razı deyiləm, hər kinodan şedevr gözləyən kritiklərin aşağı qiymətləri bir çox kinoların imicə ləkə qatıb. Mən daha çox imdb-nin verdiyi qiymətlə razıyam. Əgər siz işdən sonra vizual cəhətdən çox gözəl, effektli səhnlərlə doldurulmuş və Johhny Depp olan ekşn istəyirsizsə bu kino sizin üçündür.
Şərhlər