Gary Oldman çox böyük bir aktyordu. Onun canlandırdığı obrazların müxtəlifliyi, oynadığı rolu aparma tərzi, roluna girdiyi qəhrəmanına alışmaq üçün apardığı hazırlıq işləri və s. Hollivudda ona xüsusi yer qazandırıb. Bu günə kimi dəfələrlə nominasiya olunmasına baxmayaraq, Gary həmin o aktyorlardandır ki, hamı tərəfindən sevilir, tanınır, lakin akademiya onu hələ Oscara layiq olmadığını düşünür. Fəqət, bu il bu vəziyyət dəyişə bilər. Belə ki, o bu il çəkilən Darkest Hour dramında Uinston Çörçili canlandırdığına görə artıq Qızıl Qlobus mükafatını alaraq Oscarı qazanmaq şansını daha da artırdı.
Süjet
Kino 2-ci dünya müharibəsi vaxtı baş nazir postuna yeni seçilmiş Uinston Çörçilin tarixi dəyişən seçimindən bəhs edir.
Müharibənin ən qızğın vaxtlarıdır, Avropa hər tərəfdən oda,atəşə,bombardılmaya tutulub. Elə bu vaxtı, parlament yerinə yetirdiyi öhdəliklərdən narazı olduğu üçün Çemberlendən istefa etməyi tələb edir. Başqalarının narazılığına baxmayaraq, Çörçil Britaniyanın baş naziri seçilir və ölkəni yaranmış ağır vəziyyətdən çıxartmaq onun məsuliyyətinə çevrilir. Vəziyyət isə o yerdədir ki, Almaniya bütün Avropanı əsarət altında saxlayaraq dayanmadan hərəkət edir, ölkələr ona təslim olur. Bir neçə hücumdan sonra Belçikanı alan Hitler artıq Fransaya hücum edir, onun ərazisinə daxil olur. Fransa hökuməti son dərəcə pessimist seçim edərək reyxə təslim olmaq fikrində olduğunu bildirir. Çörçilin ətrafında olan hər kəs yeganə çıxış kimi İtaliyanın müşavirliyi altında Hitlerlə sülh danışıqlarına başlanılmasını görür. Həmçinin burada məşhur Dünkirk əməliyyatı haqqında 2017-ci ildə çəkilmiş və çoxları tərəfindən birtərəfli qarşılanmayan filmdən fərqli olaraq hekayəni başqa aspektdən də göstərirlər.
Qəhrəmanlar
Kino hərbi dram olduğu üçün ondan ekşn gözləmək bir qədər mənasızdır. Bütün qüvvət dialoqlarda, monoloqlarda, aktyorların oyunlarındadır. Oldmanın obrazında Çörçil tamamilə başqa Çörçildir, başqalarına bənzəməyən Çörçildir. Bu personajın mimikalarından, danışıq tərzindən, yerişindən başa düşülür. Başqaları ilə sərt, bəzən qəddar və qəzəbli danışsa,davransa, bir çoxlarını qorxutsa da, axırda o həmişə ona dayaq olan həyat yoldaşını sevən bir ərdir. Bütün bunlara sübut olaraq kinoda gərginlik yaradan səhnələrdən əlavə, qədərincə, bir növ tamaşıçını daima stressin içində saxlamamaq üçün kinonu yaradanlar Çörçilin həyat yoldaşı ilə bir olduğu səhnələrə biraz yumoristik elementlər qatıblar. Amma təkcə bu səhnələrdə yox, başqa səhnələrdə də, qədərincə komedik anlar hekayənin anladılmasına mənfi təsir göstərmir, əksinə çox təbii görünür. Yadda qalan səhnələrdən biri əlbəttə ki, Çörçilin metro sərnişinləri ilə olan söhbəti səhnəsi olmalıdır. Səhnə güclüdür, uzun deyil, qısa müddətdə anlatmaq istədiyini anladır, tamaşaçı Çörçilin gözü ilə müharibə vaxtı həyatlarına davam edən xalqı, birliyi görür. Parlamentdəki möhtəşəm çıxışı isə Oldmanın əsl xameleon olmasını, lazım gəldikdə səs tembrini, görünüşünü, mimikalarını kardinal şəkildə dəyişə bildiyini sübüt edir.
Çörçilin həyat yoldaşı Klemmi (Kristin Scott Thomas) və köməkçisi miss Leytonu (Lily James) unutmayan kinoyaradanlar azacıq da olsa hərəsinin necə biri olduqlarını və baş nazirin həyatında hansı rolu oynadıqlarını göstərməyi unutmurlar. Klementina hər cürə həyat yoldaşına dayaq olmağa çalışır, ən çətin anlarda , Çörçilin hansı qərarı vermək lazım olduğunu düşünəndə ona ürək dirək verir. Baş nazirin köməkçisi işləyən Elizabet isə onun bütün müraciətlərinin mətnlərini yazmaqda, gündəlik məktubların göndərilməsində kömək edir. Bütün baş verənlərin mərkəzində ola-ola qardaşından xəbər ala bilmədiyi üçün narahatçılığı da tamaşaçıda qəhrəmana qarşı simpatiyanı artırır.
Kral VI Corc (Ben Mendelsohn) ilə Çörçil arasında hekayənin əvvəlində soyuqluq olsa da, Kralın Uinstona açıq şəkildə onun namizədliyinə qarşı olduğunu və əvəzində Vikont Qalifaksı görmək istədiyini bildirsə də, süjet genişləndikcə Kral ilə Çörçil arasında münasibətlər dəyişir.
Yadda qalan başqa personajları yada salanda, Vikont Qalifaksı (Stephen Dillane) da qeyd etmək lazımdır. Konservativlərin ilk namizəd kimi təklif olunan Qalifaksın əvəzinə, başqa partiyaların xoşuna gəlmədiyi üçün Çörçil baş nazir seçilir. Amma Qalifaks və Çemberleyn oyundan çıxmırlar, müharibənin nə olursa olsun sülh yolu ilə bitməsini istəyirlər, əllərinə düşən fürsətdən istifadə edərək Çörçili vəzifəsindən azad etmək istəyirlər. Məhz Qalifaks hər toplantıda Çörçilə sülh yolu ilə hərəkət etməyin yeganə çıxış yolu olduğunu bildirir. Çörçilin hər seçiminə skeptik yanaşaraq ona başqaları yanında açıq şəkildə zidd gəlir və bu başa düşülən bir davranışdır. Çünki Qalifaks Çörçili, Çörçil isə Qalifaksı özünə düşmən bilir.
Yekun
Gərgin zamananlar 2-ci dünya müharibəsi tematikasında çəkilmiş olduqca maraqlı və eyni anda tamaşaçının diqqətini saxlayan kinolardan biridir. Burada həm dram var, həm komediya, həm də real faktlar da var. Aktyor heyəti möhməşəmdir və buna görə də yazılan dialoqların bədii qüvvəsi də qat-qat artır. Təəccüblü deyil ki, bu kino builki favoritlər arasında ilkdir. Yeganə məsləhətim, mənim səhvimi təkrar etməyin, kinoya azərbaycan subtitrləri ilə baxmayın. Rus dilində tərcüməsinə söz yoxdur, amma subtitrlər o qədər səhvlərlə doludur ki, adam hər dəfə oxuyanda facepalm edir. Baxırsızsa, ingiliscə baxın. Ya da internetdə çıxana kimi gözləyin. Bir sözlə subtitrsiz baxın!
Şərhlər