Bugün artıq Pfizer vaksinin ilk dozasını vurdum və fikirləşdim ki, bütün prosesi burada qeyd edim. Format olaraq, çox güman ki, hər günü ayrı paraqrafda qeyd edəcəm. Çoxlu sayda postlar yaratmayım deyə, bütün günləri bu yazıda qeyd edəcəm və yazını yeniləyəcəm. Vaksini vurdurduqdan sonra mənə verilən formanın arxa hissəsində aşağıdakı yan təsirlər qeyd edilmişdi:
- Yorğunluq
- Başağrıları
- Əzələ ağrıları
- Yerli qızdırma
Gün 0
Birinci doza
Vaksini vurdurmağımdan təxmini 3 saat keçib. Vaxtaşırı iynə vurulan yer öz varlığından xəbər verir. Başqa heç bir əks-təsir müşahidə olunmur.
Günün ikinci yarısıdır və mən artıq yüngül yorğunluq hiss etməyə başlayıram.
Gün 1
Dünənki yorğunluq hissi artıq yoxdur, iynə vurulan yerin ağrısı yavaş-yavaş azalır. Qeyd edim ki, ağrı yalnız qolumu azacıq yuxarı qaldırdıqda yaranır. Bu iki gün ərzində hərarətim hələ ki, qalxmayıb.
Gün 2
Artıq nə yorğunluq hissi var, nə də ki iynə vurulan yeri hiss edə bilirəm. Hərarətim normal qalmaqda davam edir.
Gün 3
Üçüncü gündür ki, heç bir yan təsir müşahidə etmirəm.
Gün 4
Hər şey əladır, yan təsir yoxdur, tam əminliklə deyə bilərəm ki, 1-ci dozanı çətinlik olmadan keçirtdim. Bundan sonra yalnız hansısa anormal hal müşahidə olunsa, onu burda qeyd edəcəm. Bu səbəbdən, günlərin ardıcıllığı dəyişilə bilər.
Gün 28
İkinci doza (08.07.2021)
Vaksinin 2-ci dozasını vurdurmağımdan 2 saat keçib. Birinci dozadan fərqli olaraq, indi heç iynə vurulan yer belə ağramır.
Artıq təxminən 6-7 saat keçib. İynə vurulan yer azacıq ağrayır və birinci dozanı vurduran zaman müşahidə etdiyim qolumu yuxarı qaldırdıqda yüngül əzələ ağrısı var. Yorğunluq hissi hələ yoxdur.
Gün 29
İkinci dozanın orqanizmə yeridilməsi prosesi gözlədiyimdən daha yaxşı keçdi. İynə vurulan yer artıq ağramır, yorğunluq hissini ümumiyyətlə müşahidə etmədim, hərarətim də bir dərəcə də olsun belə qalxmamışdı.
Buster doza (11.02.2022)
Buster dozanı vurmuşam. İlk saatlarda əvvəlki dozaların vurulması zamanı qolda iynə vurulan yerin ağrımasını müşahidə etdim. Günün sonuna yaxın azacıq yorğunluq hiss edirdim. Amma, yenə də hərarətim belə qalxmamışdı.
Yekun
Tamamilə əminliklə deyə bilərəm ki, vaksinlənmə prosesini tam problemsiz və yan təsirsiz keçirtdim. Birdən kimsə bu vaksinin insanlara necə təsir etməsi haqqında öyrənmək istəsə bu postu tapıb oxusun deyə yazdım. Əlbəttə, bu proses insandan insana dəyişə bilər, ona görə də tövsiyyə edərdim ki, həkimlə məsləhətləşib vaksin seçimini edəsiz.
Şərhlər